İran Fransaya etiraz etdi – Diplomatlarla bağlı qalmaqal böyüyür

İran Fransaya etiraz etdi – Diplomatlarla bağlı qalmaqal böyüyür Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında Tehranda fəaliyyət göstərən iki Fransa diplomatının davranışına etiraz edib.

News24.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin rəsmi teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Abbas Əraqçi iki fransalı diplomatın diplomatik normaları pozduğunu bildirərək onların hərəkətlərini “qeyri-peşəkar” adlandırıb. Vurğulayıb ki, xarici diplomatik nümayəndəliklərin fəaliyyətini davam etdirməsi üçün qəbul edən ölkənin qanunlarına və beynəlxalq diplomatik prinsiplərə əməl olunması vacib şərtdir.

İranlı nazir Fransa tərəfini belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.

Əraqçi telefon danışığı zamanı Hörmüz boğazının bağlanmasına da toxunaraq bunun ABŞ-nin İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini pozması və Vaşinqtonun regionda sabitliyi pozan addımlarının birbaşa nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, diplomatik səylərin iflasa uğraması və bölgədə gərginliyin artmasına görə məsuliyyət razılaşmalardan geri çəkilən tərəfin üzərinə düşür.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 19-da İranda iki Fransa diplomatının saxlanıldığını açıqlayıb. Onun sözlərinə görə, diplomatlar İranda vətəndaş cəmiyyətinə dəstək proqramları, o cümlədən bəzi iranlı alim və rəssamlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirdilər. Nazir onların bir neçə saat saxlanıldığını, dindirildiyini və diplomatlardan birinə kobud rəftar edildiyini bildirib. Daha sonra hər iki diplomat sərbəst buraxılıb və yaxın vaxtlarda Fransaya qayıdacaqları gözlənilir.