İranın ABŞ və İsraillə müharibəni genişləndirmək planı üzə çıxdı

İranın ABŞ və İsraillə müharibəni genişləndirmək planı üzə çıxdı Dünya

Bir neçə ərəb ölkəsinin kəşfiyyat xidmətləri İranın ABŞ və İsraillə münaqişəni genişləndirməyə hazırlaşması barədə məlumat əldə edib.

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tehran rəqiblərinə elə zərər vurmağa çalışır ki, bu, İrana qarşı yeni hücumların qarşısını alsın.

Ölkədə İslam İnqilabı Keşikçiləri Korpusunun rolu gücləndirilir, əsas vəzifələrə sərt mövqedə olan şəxslər təyin edilir, raket və pilotsuz uçuş aparatlarının istehsalı sürətləndirilir.

Mənbələr mümkün eskalasiya ssenariləri arasında Fars körfəzində internet kabellərinə qarşı təxribatları, Küveyt və Bəhreyndə vəziyyəti sabitsizləşdirmək cəhdlərini qeyd edirlər. Küveytdə quru əməliyyatlarının keçirilməsi ehtimalı da istisna edilmir.

“WSJ”nin məlumatına görə, hazırlanan planlarla bağlı məlumatlar, İranın Yəmən və İraqdakı müttəfiq qruplaşmalarla danışıqlarının ələ keçirilməsi nəticəsində əldə edilib.

Qeyd edək ki, avqustun 13-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Amrikanın İranla münaqişədə əsas məqsədi amerikalı istehlakçılar üçün neft və qaz qiymətlərinin aşağı səviyyədə saxlanılmasıdır.