Rəfiqələr 30 il sonra bacı olduqlarını öyrəndilər
Dünya
Hindistanda doğulduqdan sonra müxtəlif ailələr tərəfindən övladlığa götürülən və Niderlandda böyüyən iki qadının hekayəsi təəccüb doğurub.
News24.az xəbər verir ki, 1996-cı ildə tanış olub dostlaşan Mina Geltink və Minal Tayssen təxminən 30 il sonra DNT testi nəticəsində bioloji bacı olduqlarını öyrəniblər.
Təxminən 40 il əvvəl Hindistandakı uşaq evlərindən müxtəlif niderlandlı ailələr tərəfindən övladlığa götürülən qadınlar bir-birlərindən xəbərsiz şəkildə, 130 kilometr məsafədə böyüyüblər.
Onlar 1996-cı ildə övladlığa götürülmüş uşaqların iştirak etdiyi tədbirdə tanış olublar.
Bir-birlərinə bənzəmələri diqqət çəkib və qısa müddətdə yaxın dost olublar. Hətta zarafatla bir-birlərinə “bacım” deyə müraciət ediblər.
İllər sonra keçirilən DNT testi hər şeyi dəyişib.
Aprel ayında DNT nəticələri bəlli olan Minal testdə Minanın bacısı olduğuna dair uyğunluq görüb.
Əvvəlcə bunun 30 il əvvəl tanış olduğu uşaqlıq dostu olduğunu anlamayıb, lakin sosial şəbəkədəki fotoları gördükdən sonra həqiqəti dərk edib.
Həqiqəti öyrəndikdən sonra iki bacı Niderlandda yenidən görüşüb.