Ronaldo evlənir - Toyun təfərrüatları
Dünya
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezin toyunun harada və hansı tarixdə keçiriləcəyi bəlli olub.
News24.az xəbər verir ki, "The Sun" nəşri və Portuqaliya KİV-lərinin məlumatına görə, 41 yaşlı Ronaldo ilə 32 yaşlı Corcinanın toy mərasimi avqustun 8-də keçiriləcək. Mərasimin Ronaldonun doğulduğu Madeyra adasının Funşal şəhərində yerləşən, 511 illik tarixi olan kafedral kilsədə baş tutacağı iddia edilir. Qapalı ziyafətin isə beşulduzlu "Savoy Palace" hotelində təşkil olunacağı açıqlanıb.
Məlumata görə, təhlükəsizlik səbəbindən 7 və 8 avqust tarixlərində hotelin qonaqlarına iki mərtəbə və bir neçə bar zonasının bağlanacağı barədə xəbərdarlıq edilib.
Mətbuatda yayılan iddialara əsasən, toyun qonaqları arasında Kilian Mbappe, Neymar, Zinəddin Zidan, Pepe, Rio Ferdinand, Konor Makqreqor, Həbib Nurməhəmmədov, Vin Dizel, Rihanna, Dreyk, Trevis Skott və Pirs Morqan da yer alacaq.
Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.
Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib. (axsam.az)