Rusiya Ukraynada rabitə və logistika mərkəzlərini vurdu

Rusiya Ukraynada rabitə və logistika mərkəzlərini vurdu Dünya

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada bir sıra logistika və rabitə mərkəzləri, liman infrastrukturu və hərbi məqsədlər üçün istifadə olunan obyektlərin hədəfə alındığını açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin məlumatına görə, Kiyevdə “UkrTelekom” və “DreamLine” şirkətlərinə məxsus məlumat emalı mərkəzlərinə zərbələr endirilib. Bildirilib ki, həmin mərkəzlər Ukrayna ordusuna rabitə və internet xidmətləri göstərir.

Açıqlamada Kiyevdə yanacaq infrastrukturu, Kiyev vilayətinin Vasilkov şəhərindəki hərbi aerodromun infrastrukturu və bəzi obyektlərin də hədəf alındığı qeyd olunub.

Rusiya tərəfi həmçinin Odessadakı “Nova Poçta” logistika mərkəzinin və Çornomorsk limanında hərbi texnika və ikili təyinatlı yük daşıdığı iddia edilən quru yük gəmisinin vurulduğunu bildirib.

Bundan başqa, İzmail limanında fəaliyyət göstərən “Dunaysudoservis” gəmiqayırma zavodunun infrastrukturu və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin həmin ərazidəki bölməsinin yerləşmə məntəqəsinin də zərbəyə məruz qaldığı qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi dənizdə olarkən Odessa limanına hərbi yük daşıdığı iddia edilən yük gəmisinin də hədəfə alındığını açıqlayıb.