Rusiyada 8 obyekt vuruldu: Zelenski detalları açıqladı

Rusiyada 8 obyekt vuruldu: Zelenski detalları açıqladı Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri son sutka ərzində Rusiyanın müharibənin aparılmasını təmin edən 8 infrastruktur obyektinə zərbələr endirib.

News24.az xəbər verir ki, hədəflər arasında Yamalo-Nenets Muxtar Dairəsində neft emalı zavodu və Dağıstan dəniz ticarət limanı da olub.

Zelenski bu barədə “Teleqram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, zərbələr Rusiyanın Moskva, Voronej, Həştərxan və Bryansk vilayətlərindəki obyektlərə də endirilib.

Zelenski qeyd edib ki, Rusiya Ukraynaya qarşı hücumlarını hər gün davam etdirir və Ukrayna hərbçiləri də Rusiyadakı obyektlərə cavab zərbələri endirirlər.

“Rusiya hər gün Ukraynaya qarşı terrorunu davam etdirir. Hər gün də layiqli cavab alır”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti hərbçilərə, eləcə də zərbələrin uzaq məsafədən və dəqiq endirilməsini təmin edən bütün şəxslərə təşəkkür edib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Soçi və Mahaçqala şəhərlərinin də pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilib. Soçidə hücumdan sonra sahilboyu ərazidə yanğın baş verdiyi, Mahaçqalada isə liman ərazisində partlayış səsləri və tüstülənmə olduğu barədə məlumat yayılıb.