Rusiyada internet çökdü

Rusiyada internet çökdü Dünya

Rusiyada milli domenlər şəbəkəsinin (Runet) fəaliyyətində kütləvi nasazlıq yaranıb.

News24.az xəbər verir ki, nasazlıq elektrik təchizatı şirkətində baş verən qəzadan sonra elektrik enerjisinin kəsilməsi səbəbindən baş verib.

Şirkət bildirib ki, “Rosseti”nin qəza briqadası əsas elektrik təchizatının bərpası üçün işə başlayıb.

İnternetin fəaliyyətini təmin etmək üçün dizel-generator qurğuları da daxil olmaqla ehtiyat enerji mənbələrindən istifadə olunur.

Avqustun 18-i axşam Rusiyanın sayt və xidmətlərinin fəaliyyətində kütləvi nasazlıq baş verib. “Downdetector”un onlayn monitorinq sisteminin məlumatına görə, ölkənin müxtəlif regionlarında Runet istifadəçiləri problemlə üzləşiblər. İstifadəçilər bank tətbiqlərini, striminq platformalarını, mobil operatorların saytlarını və digər resursları aça bilmədiklərindən şikayət ediblər.

Nasazlıq bəzi internet provayderlərinin fəaliyyətinə də təsir edib.

Daha sonra Rusiyanın ən böyük domen qeydiyyatçılarından biri olan “Reg.ru”nun nümayəndəsi bildirib ki, Runet-dəki problem şirkətin daxili infrastrukturu ilə bağlı deyil, böyük rabitə qovşağında elektrik enerjisinin verilməsində yaranan fasilə ilə əlaqədardır. Onun sözlərinə görə, buna görə “Reg.ru”da yerləşdirilən resurslarla yanaşı, bir çox digər internet resursları da əlçatmaz ola bilər.

Qeydiyyatçı şirkətin nümayəndəsi rabitə qovşağının fəaliyyətinin yaxın zamanda bərpa olunacağına ümid etdiyini bildirib.