Rusiyada kütləvi şəkildə könüllülər toplanır – Səbəb
Dünya
Rusiyanın bir çox bölgəsində ehtiyat qüvvələrinə daxil olamq üçün könüllülərin kütləvi şəkildə cəlb edilməsi kampaniyasına start verilib.
News24.az-ın məlumatına görə, xəbəri “Kommersant” yayıb. Bildirilir ki, yeni kampaniya artıq ən azı 20 regionda həyata keçirilir.
Yeni qanuna əsasən, ehtiyatda olan hərbçiləri yalnız müharibə zamanı deyil, sülh dövründə də xüsusi təlim və obyektlərin qorunması işlərinə cəlb etmək mümkün olacaq. Rusiya hakimiyyəti Ukraynada aparılan əməliyyatları rəsmi olaraq “xüsusi hərbi əməliyyat” kimi təqdim etdiyi üçün bu qərar formal olaraq sülh zamanı tədbiri hesab olunur.
Qanuna görə, toplanışlara çağırılan ehtiyat hərbçilər hərbi status alacaq, onlara müvafiq imtiyazlar və maliyyə ödənişləri veriləcək.
Hazırda ehtiyatda olan könüllülərin cəlbi Leninqrad, Nijni Novqorod, Ukrayna ilə sərhəd əraziləri, eləcə də Tatarıstan və Başqırdıstan respublikalarında aparılır. Bu regionlar son vaxtlar dron hücumlarına daha çox məruz qalan ərazilər kimi tanınır. Qanuna görə, ehtiyat qüvvələri həmçinin diversantlara qarşı əməliyyatlarda və ya əhalinin təxliyəsində də istifadə edilə bilər.
Ehtiyatda olan hərbçilər Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq “səfərbərlik ehtiyatı”na daxil olurlar. Müqavilə imzalayan şəxslərə birdəfəlik ödənişlər və sosial güzəştlər nəzərdə tutulub. Yeni qanunla ehtiyat qüvvələr il ərzində altı aya qədər çağırıla bilər. Bu müddət ərzində onların əsas iş yerindəki orta əməkhaqqısı qorunur, əgər həlak olsalar, ailələrinə hərbçilərə verilən kompensasiya və imtiyazlar təqdim edilir.