Rusiyada təqaüddə olan hərçi azyaşlılara atəş açdı - Yaralanan var
Dünya
Rusiyanın Moskva vilayətində bir kişi uşaq meydançasına silahdan atəş açaraq 6 yaşlı oğlanı yaralayıb.
News24.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” teleqram kanalı məlumat yayıb.
Hadisə Novoivanovskoye qəsəbəsinin Aqrokimyaçılar küçəsində baş verib.
Uşaqlar evin yaxınlığında top ilə oynayarkən səs-küydən narazı olan kişi travmatik silahdan onların istiqamətinə üç dəfə atəş açıb.
Güllələrdən biri uşağın ayağına dəyib. Valideynləri onu xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, oğlanın həyatı üçün təhlükə yoxdur.
Hadisədən sonra zərərçəkənin anası polisə müraciət edib.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələn zaman kişi balkonda gizlənib, onlar getdikdən sonra isə yenidən küçəyə çıxıb.
Yerli sakinlərin sözlərinə görə, atəş açan şəxs hərbi təqaüdçüdür və əvvəllər də küçədə səs-küy salan uşaqlarla bağlı qonşularla münaqişə edib.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin araşdırmanı nəzarətə götürüb və ona hesabat təqdim olunmasını tapşırıb.