Rusiyada terrora cəhd: Qafqazəsilli iki nəfər saxlanıldı

Rusiyada terrora cəhd: Qafqazəsilli iki nəfər saxlanıldı Dünya

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 1991 və 1998-ci il təvəllüdlü, Cənubi Qafqaz əsilli iki nəfəri saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Onlar enerji obyektinə və Moskvanın raket əleyhinə müdafiə sisteminin əsas elementlərindən birinə FPV dronları ilə hücum hazırlamaqda şübhəli bilinirlər.

FTX-nin məlumatına görə, şübhəlilərdən birini Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşı cəlb edib.

Ona cinayəti törətmək müqabilində pul vəd olunub. Bunun üçün həmin şəxs Rusiyaya gəlib və tapşırığın yerinə yetirilməsinə yaxın çevrəsindən olan tanışını da cəlb edib.

Onlar FPV dronlarını və kustar üsulla hazırlanmış partlayıcı qurğuların komponentlərini Smolensk və Kaluqa vilayətlərindəki gizli saxlanc yerlərindən götürüblər.

Daha sonra gizli yerlərdən götürülmüş zərbə dronlarını sazlamaq, buraxılış üçün Moskva vilayətinə çatdırmaq və uçuşdan əvvəl işə salmaq tələb olunub.

FTX-nin məlumatında bildirilib ki, dronların sonrakı idarə edilməsi Ukrayna ərazisindən məsafədən həyata keçirilməli idi.

Şübhəlilər terror aktına hazırlıq mərhələsində saxlanılıblar.

Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 205.4-cü maddəsinin 2-ci hissəsi (terrorçu birlikdə iştirak) ilə cinayət işi açılıb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.