Rusiyada yeni dəhşət: 200 nəfər xəstəxanaya yerləşdirildi

Rusiyada yeni dəhşət: 200 nəfər xəstəxanaya yerləşdirildi Dünya

Rusiyanın İrkutsk vilayətində 189 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, onların hamısı bir gün əvvəl xəstəlikdən ölən bir qızla təmasda olub. İnsanlar iki xəstəxanaya yerləşdirilib, 12 nəfər müşahidə üçün vəba əleyhinə instituta göndərilib. Bəzilərində xəstəliyin simptomları var, lakin infeksiya hələ təsdiqlənməyib.

Telekanalın həmsöhbəti əlavə edib ki, test məqsədilə bu yaxınlarda xəstəxanaya yerləşdirilən insanlarla görüşən insanlar da müəyyən edilir.

“Maş” Teleqram kanalının məlumatına görə, Taunla Mübarizə İnstitutunun 27 yaşlı əməkdaşı ağciyər taununun qurbanı olub. Bir versiyaya görə, o, Monqolustan sərhədi yaxınlığında taun epidemiyasının qeydə alındığı Buryatiyaya işgüzar səfərdən qayıdıb. Başqa bir versiyaya görə, qız diaqnostika üçün biomaterial toplayarkən laboratoriyada təhlükəli bakteriya olan sınaq borusunu təsadüfən sındırıb. Sentyabrın 29-da o, pnevmoniya simptomları ilə Şelexov xəstəxanasına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Lakin iki gün sonra o, vəfat edib. Klinikanın bütün işçiləri təcrid olunub və müəssisə karantinə alınıb.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev “Rospotrebnadzor” rəhbəri Anna Popova ilə sanitar-epidemioloji komissiyanın təcili iclasını keçirib. Onun sözlərinə görə, bölgə sakininin "xüsusilə təhlükəli infeksiya"ya yoluxması ilə bağlı məlumat müzakirə edilib.

"Müəyyən edilmiş bütün təmasda olanlar tibbi nəzarətə götürülüb. Hazırda onlarda xəstəliyin heç bir əlaməti yoxdur və laboratoriya testlərinin nəticələri mənfidir", - deyə Kobzev qeyd edib.

Rusiyada sonuncu dəfə qeydə alınan vəba xəstəliyi 2016-cı ildə Altayda baş verib. Həmin vaxt 10 yaşlı oğlan maral cəmdəyinin dərisini soyarkən yoluxub. Oğlan vaxtında müalicə aldığı üçün sağ qalıb.

Monqolustanda vəbanın təbii ocaqları hələ də qalmaqdadır. 2023-cü ildə Monqolustan Milli Zoonotik İnfeksiyaların Tədqiqi Mərkəzi ölkənin 17 bölgəsində, o cümlədən Rusiya sərhədinə yaxın ərazilərdə 137 belə ocaq aşkar edib.