Rusiyada yeni səfərbərlik olacaq? - Medvedevdən açıqlama
Dünya
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkədə yeni səfərbərlik dalğasının hazırlanması ilə bağlı yayılan məlumatları təkzib edib.
News24.az xəbər verir ki, Medvedev Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətə olan ehtiyacının müqaviləli hərbçilər və könüllülər hesabına tam təmin edildiyini deyib:
“Rusiya ordusu ölkənin əsl vətənpərvərləri olan müqaviləli hərbçilər və könüllülərlə komplektləşdirilir. Silahlı Qüvvələrin bütün ehtiyacları təmin olunur. Məhz buna görə də səfərbərliyə heç bir ehtiyac yoxdur”.
O, Rusiyada yeni səfərbərlik dalğasının mümkünlüyü barədə yayılan məlumatları Kiyev hakimiyyətinin təxribatı adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Rusiyada səfərbərlik ehtimalı ilə bağlı suala cavab verərək, mövcud vəziyyətin belə bir addımın atılmasını tələb etmədiyini bildirib.