Sabiq nazir ABŞ-də kuryer işləyir - Video

Sabiq nazir ABŞ-də kuryer işləyir - Video Dünya

Qırğızıstan Joqorku parlamentinin keçmiş deputatı, sabiq əmək və sosial inkişaf naziri Ulukbek Koçkorov kuryer işləyir.

News24.az xəbər verir ki, bununla bağlı sosial şəbələrdə məlumat yayılıb.

Yayılan kadrlarda Koçkorovun bağlamaları avtomobilin yük yerinə yığdığı əks olunub.

Videonun şərhində sabiq məmurun hazırda ABŞ-də "Amazon" şirkətində kuryer kimi çalışdığı iddia edilib.

Görüntülər istifadəçilər arasında geniş rezonans doğurub.

Bəziləri Koçkorovu dəstəkləyərək onun halal zəhmətlə məşğul olduğunu qeyd ediblər. Digərləri isə onun siyasi karyerasını və Qırğızıstandakı dövlət vəzifələrindəki fəaliyyətini xatırladıblar.

Ulukbek Koçkorov "Ata-Jurt" partiyasından parlamentin V çağırış deputatı olub.

O, 2017-ci ildə prezident seçkilərində namizəd kimi iştirak edib, 2018-ci ilin oktyabrında isə Qırğızıstanın əmək və sosial inkişaf naziri təyin olunub.

2020-ci ildə o, həmçinin "Birimdik" Partiyasından parlament seçkilərinə qatılıb.

2020-ci ilin oktyabr hadisələrindən və Sadır Japarovun hakimiyyətə gəlməsindən sonra Koçkorov vəzifəsindən azad edilib. Sabiq nazir daha sonra verdiyi açıqlamada işdən çıxarıldığını internetdən öyrəndiyini bildirib.

Yayılan məlumatlara görə, Ulukbek Koçkorov son illər ailəsi ilə birlikdə Çikaqoda yaşayır. Bununla belə, o, aktiv ictimai həyat sürmür, köçməsi və hazırkı fəaliyyəti barədə şərh verməkdən yayınır. /24.kg/