Sabiq nazirin oğlu saxlanıldı - Adam öldürüb
Dünya
Rusiyanın keçmiş Regional İnkişaf Naziri və Sankt-Peterburqun sabiq vitse-qubernatoru İqor Albinin (Slyunyaev) 34 yaşlı oğlu Moskvada bir nəfərin qətlində şübhəli bilinərək saxlanılıb.
News24.az xəbər verir ki, "112" teleqram kanalının məlumatına görə, hadisə avqustun 10-da axşam saatlarında Qovorov küçəsində baş verib. Bildirilir ki, 54 yaşlı kişi Albinin mənzilində olub. Tərəflər arasında mübahisə yaranıb və ev sahibi bıçaqla qonağa bir neçə dəfə zərbə endirib.
Ağır xəsarət alan kişi buna baxmayaraq mənzildən çıxaraq kömək istəyib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Lakin bir neçə saat sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisədən bir gün sonra hüquq-mühafizə orqanları keçmiş nazirin oğlunu Mojayskda saxlayıb. Onun mənzilinin vanna otağında üzərində qan izi olan bıçaq aşkarlanıb.
Məlumata görə, saxlanılan şəxs daha əvvəl dələduzluq ittihamı ilə məhkum edilib. Bildirilir ki, İqor Albin və oğlu hazırda ayrı yaşayırlar.