Si Cinpin: Tayvanın Çinlə birləşməsi qaçılmazdır
Dünya
Çin prezidenti Si Cinpin Tayvanın ölkənin materik hissəsi ilə yenidən birləşməsinin qaçılmaz olduğunu bəyan edib.
News24.az xəbər verir ki, dövlət başçısı bu prosesin Çin Kommunist Partiyası üçün tarixi missiya olduğunu vurğulayıb.
“Tarixin gedişatını dayandırmaq olmaz. Vətənin tam birləşməsi təmin edilməlidir və bu, mütləq təmin ediləcək”, – deyə Si Cinpin bildirib.
O, bu fikirləri həm Çində, həm də Tayvanda hörmətlə anılan inqilabçı və Çin Respublikasının ilk prezidenti Sun Yat-senin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə səsləndirib.
Çin lideri Tayvanın Çinlə birləşməsinin “bir ölkə, iki sistem” prinsipi əsasında dinc yolla həyata keçirilməli olduğunu qeyd edib.
Si Cinpin, həmçinin Tayvanda yaşayan çinliləri separatçı qüvvələrə qarşı mübarizə aparmağa və onların fəaliyyətinin qarşısını almağa çağırıb.