Simonyan mandatından imtina etdi

Simonyan mandatından imtina etdi Dünya

Ermənistan parlamentinin sədri Alen Simonyan iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən deputat mandatını qəbul etməyəcək.

News24.az xəbər verir ki, Simonyan bu barədə parlamentdə keçirdiyi brifinqdə açıqlama verib.

O bildirib ki, parlament sədri kimi fəaliyyətini davam etdirmək istəyir, lakin partiya rəhbərliyinin qərarı ilə razılaşır.

Simonyan qeyd edib ki, bu məsələyə görə incik deyil, çünki iş prosesində dəyişikliklər zəruridir.

“Bir qədər dincəlmək istəyirəm. Mənim üçün çox çətin iş dövrü oldu. Unutmayın ki, bu, seçkidən sonrakı dövrün parlamenti idi və həmkarlarımızla birlikdə çoxsaylı çağırışların öhdəsindən gəldik”, – deyə Simonyan bildirib.

Parlament sədri əlavə edib ki, o, şəxsi həyatını da qaydaya salmalıdır.

Simonyan baş nazir Nikol Paşinyan ilə gələcək fəaliyyəti barədə heç bir müzakirə aparmadığını da deyib. Eləcə də, bildirib ki, siyasi fəaliyyətini yalnız “Vətəndaş Müqaviləsi Partiyası” və Nikol Paşinyanın komandasında təsəvvür edir.

Siyasətçi KİV-də ona prezident vəzifəsinin təklif edildiyi barədə yayılan məlumatları da təkzib edib.

“Tamamilə cəfəngiyyatdır. Mən bunu heç vaxt və heç bir həmkarımla müzakirə etməmişəm”, – deyə o bildirib.

Simonyan parlament sədri postunda öz varisi hesab olunan Ruben Rubinyan haqqında danışaraq, onu bu vəzifə üçün ən yaxşı namizəd hesab etdiyini söyləyib.

Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinin sədri vəzifəsində çalışıb. Parlament seçkilərində o, “Vətəndaş Müqaviləsi” Partiyasının siyahısında 14-cü sırada yer almışdı. /Sputnik Ermənistan/