ÜST-dən vəba XƏBƏRDARLIĞI
Dünya
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə, ölkədə davam edən silahlı münaqişə, əhalinin kütləvi köçü və yağış mövsümünün başlanması humanitar böhranı daha da dərinləşdirə bilər.
News24.az xəbər verir ki, ÜST iyunun 27-də Sudanda elan edilmiş vəba epidemiyası nəticəsində indiyədək azı 114 nəfərin həyatını itirdiyini, 1300-dən çox insanın isə yoluxduğunu bildirib. Xəstəlik ölkənin bir neçə vilayətində, xüsusilə Darfur və Kordofan bölgələrində yayılıb. Həmin ərazilərdə təhlükəsizlik vəziyyətinin ağır olması səbəbindən humanitar yardım və səhiyyə işçilərinin fəaliyyəti ciddi şəkildə çətinləşib.
ÜST-nin Sudandakı nümayəndəsi Şibl Səhbani Cenevrədə jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə bildirib ki, ölkədə vəba yenidən yayılmağa başlayıb. Onun sözlərinə görə, bu xəstəlikdə ölüm göstəricisi 13,7 faiz təşkil edir ki, bu da olduqca yüksək səviyyədir.
Təşkilatın qiymətləndirməsinə əsasən, Sudan hazırda dünyanın ən böyük humanitar böhranı ilə üz-üzədir. Ölkədə 33 milyondan çox insanın humanitar yardıma, 21 milyon nəfərin isə səhiyyə xidmətlərinə ehtiyacı var. (Modern.az)