Tbilisi Yeni ilə hazırlaşır: büdcə açıqlandı

Tbilisi Yeni ilə hazırlaşır: büdcə açıqlandı Dünya

Gürcüstanda Yeni il hazırlıqları başlayıb. Tbilisinin Respublika meydanında keçiriləcək qala-konsert və yeni il kəndinin qurulması üçün 8,3 milyon lari (təxminən 3 milyon dollar) xərclənəcək.

News24.az xəbər verir ki, bu məlumat Dövlət Satınalmaları Agentliyinin elanında yer alıb.

Qeyd olunur ki, bu məbləğə səhnə və işıqlandırma avadanlıqları, yeni il bəzəkləri, artist və animatorların qonorarları, əyləncə proqramları, buz meydançası və digər tədbir xərcləri daxildir.

Tbilisi meriyası bu xidmətin sadələşdirilmiş qaydada, tender elan etmədən satın alınmasını planlaşdırır və bunun üçün Dövlət Satınalmaları Milli Agentliyinin təsdiqini gözləyir.

Yeni il bəzəklərinin quraşdırılmasına dekabrın 1-də başlanacaq, rəsmi açılış isə dekabrın 12-də Respublika meydanında keçiriləcək. Əsas mərasim baş yolkanın işə salınması ilə müşayiət olunacaq.

Bayram tədbirləri 2026-cı il yanvarın 14-dək davam edəcək.

Maraqlıdır ki, ənənəvi olaraq parlament qarşısında qurulan əsas yolka bu il Respublika meydanına köçürüləcək.