Telegram həqiqətənmi “təhlükəli” platformadır? - Dünya liderləri...

Telegram həqiqətənmi “təhlükəli” platformadır? - Dünya liderləri... Dünya

Dünya liderlərinin, o cümlədən Makronun, Durovun müxtəlif ittihamlarla saxlanılmasına baxmayaraq, Telegramdan istifadə etməyə davam etməsi platformanın təhlükəsizliyi ilə bağlı iddiaları zəiflədir.

News24.az xəbər verir ki, Telegram-ın cinayət fəaliyyətləri üçün istifadə edilməsi ilə bağlı son ittihamlara baxmayaraq, Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla qlobal liderlər proqramdan fəal şəkildə istifadə etməyə davam edirlər.

Avropa mətbuatında çıxan xəbərlərə görə, prezident Makronun avqustun 26-da Telegram-a “bu yaxınlarda” daxil olduğu müəyyən edilib. Üstəlik, mətbuatda yayılan məlumatlara görə, Fransa rəhbərləri, kabinet üzvləri və prezidentin müşavirləri də platformadan tez-tez istifadə edirlər.

Telegram-dan aktiv istifadə edən dünya liderləri arasında məşhur adlar aşağıdakılardır:

🔸Emmanuel Makron ilk prezident seçkiləri kampaniyası başlayandan bəri platformada fəaldır. Onun 112 mindən çox izləyicisi var və son paylaşımı avqustun 12-dir.

🔸Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro demək olar ki, hər gün Telegram-da 1,6 milyondan çox izləyicisinə yazılar göndərir.

🔸Prezident Rəcəb Tayyib Ərdoğan bu günki 30 avqust yazısı ilə Telegram-dan aktiv istifadə xəttini davam etdirir.

🔸Meksika prezidenti Andres Manuel Lopez Obradorun da bu platformada hesabı var. Obrador bu gün Meksikanın məşhur dəmir yolu layihəsi "Tren Maya" haqqında material dərc edib.

🔸Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 200 minə yaxın izləyicisi olan Telegram hesabından rəsmi açıqlamalar üçün istifadə edilir.

🔸İsrailin Baş naziri Benyamin Netanyahu Telegram-ın rus versiyasından istifadə edir və Qəzzadakı silahlı fəaliyyətlərlə bağlı son hadisələri paylaşır.

🔸Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli ölkəsinin aktual problemlərini işıqlandırmaq üçün mütəmadi olaraq Telegram-dan istifadə edir.

Qeyd edək ki, Telegram qlobal rəqəmsal diplomatiya üçün faydalı alətə çevrildiyi üçün siyahı davam edir.

Məryəm İlhamqızı