"TikTok"da canlı yayımda öpüşdüyü üçün cəzalandı
Dünya
İndoneziyanın Açe əyalətində “TikTok”-da canlı yayım zamanı öpüşdüyünə görə bir qadın şəriət qanunları əsasında ictimai şəkildə qamçılanıb.
News24.az xəbər verir ki, bu, rəqəmsal məkanda davranışa görə verilən ilk belə cəza kimi qiymətləndirilir.
Qadın 21 (bəzi mənbələrə görə 27) qamçı zərbəsinə məhkum edilib.
Cəza zamanı qadın huşunu itirsə də, həkimlər onun vəziyyətinin stabilləşdiyini təsdiqlədikdən sonra qalan zərbələrin də vurulacağı bildirilib. Onun partnyoru da qamçalanıb.
Qeyd edək ki, Açe İndoneziyada şəriət qanunlarının rəsmi tətbiq olunduğu yeganə əyalətdir.
Burada nikahdankənar münasibətlər, evli olmayan kişi və qadın arasında fiziki yaxınlıq, qumar və spirtli içki qadağandır.
Hadisədən sonra “Amnesty International və Human Rights Watch” ictimai qamçılama praktikasını insan hüquqlarının kobud şəkildə pozulması kimi kəskin tənqid edib.