Tramp administrasiyası 2 min diplomatı işdən çıxarıb

Tramp administrasiyası 2 min diplomatı işdən çıxarıb Dünya

ABŞ-nin təxminən 2 min yüksək rütbəli və sıravi diplomatı son bir il ərzində Tramp administrasiyasının fəaliyyəti çərçivəsində ya işdən çıxarılıb, ya da məcburi təqaüdə getməli olub.

News24.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, jurnalistlərin əlaqə saxladığı bir çox diplomat bu mövzu ilə bağlı danışmaqdan imtina edib.

Fikrini açıq ifadə edənlərdən biri - 2024-cü ildə təxminən 30 illik diplomatik xidmətindən sonra ABŞ-nin Moldova üzrə gələcək səfiri vəzifəsinə təsdiqlənmiş Kelli Adams-Smit olub ki, Tramp administrasiyası 2025-ci ilin fevralında onun təyinatını ləğv edib.

Ona Dövlət Departamentində başqa uyğun vəzifə belə təklif olunmayıb. Buna görə də o, işdən ayrılmağa məcbur qalıb. Onun diplomat olan həyat yoldaşı da xidməti tərk edib.

Telekanal qeyd edib ki, ABŞ Dövlət Departamenti işdən çıxarılan əməkdaşlarla bağlı rəsmi məlumat verməkdən imtina edib.

Hazırda kütləvi ixtisarlar və məcburi pensiyaya göndərilmələr səbəbindən ABŞ diplomatik kadr çatışmazlığı ilə üzləşib.

Belə ki, ABŞ-nin Avropa ölkələrindən 33 - də səfiri var, 17 vəzifə isə boşdur. Afrikanın 41 ölkəsində ABŞ səfiri yoxdur, Asiya və Okeaniyada bu rəqəm 23, Şimali və Cənubi Amerikada isə 17-dir.