Tramp Ankaradan məxfi əməliyyatla çıxarıldı - Detallar açıqlandı
Dünya
ABŞ Prezidenti Donald Tramp İranın mümkün sui-qəsd ehtimalına görə misli görünməmiş məxfi əməliyyat çərçivəsində Türkiyədən çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) amerikalı məmura istinadən yazıb.
Nəşrin məlumatına görə, dövlət başçısı 8 iyulda NATO sammitindən sonra hərbi təyyarə ilə Türkiyədən ayrılıb.
Bununla belə, Ağ Ev Trampın “Air Force One” təyyarəsində olduğunu açıqlayıb.
Jurnalistlərin gözü qarşısında prezident bu təyyarəyə minib, lakin bir neçə dəqiqə sonra gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə keçirilib.
Bu təyyarədən adətən uçuşdan əvvəl ərzaq və digər ləvazimatların daşınması üçün istifadə olunur.
Mənbənin sözlərinə görə, jurnalistlərin və bəzi Ağ Ev əməkdaşlarının olduğu “Air Force One” təyyarəsi aldadıcı vasitəyə çevrilib.
O əlavə edib ki, son 30 il ərzində təyyarələrin dəyişdirilməsinə bənzər sxemlərdən başqa hallarda da istifadə olunub.
Qəzetin yazdığına görə, ABŞ hökumətində artıq bir neçə onillikdir ki, İranın Tramp da daxil olmaqla amerikalı siyasətçilərə qarşı terror planları hazırlaya biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
Yaxın Şərqdəki münaqişə və İran İslam Respublikasının bir sıra hərbi və siyasi liderlərinin öldürülməsi fonunda bu narahatlıqlar daha da artıb.