Tramp bu dəfə Makronu hədələdi - 100 faizlik gömrük rüsumu
Dünya
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makrona xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Tramp Fransanın Amerika texnologiya şirkətlərinə tətbiq etdiyi rəqəmsal vergini ləğv etməyəcəyi təqdirdə, Fransada istehsal olunan bütün şərab və şampan məhsullarına 100 faiz gömrük rüsumu tətbiq edəcəyini vurğulayıb.
Trampın sözlərinə görə, o, Makrona müraciət edərək Amerika şirkətlərinə tətbiq olunan 3 faizlik verginin ləğvini tələb edib. Əks halda, Fransa ABŞ bazarında ciddi rüsumlarla üzləşəcək.
ABŞ bazarı Fransa şərabçılıq sənayesinin dünya üzrə satışlarının təxminən beşdə birini təşkil edir və bu göstərici ildə 2 milyard dollardan çoxdur.
“Onlardan Amerika şirkətlərindən vergi almamağı xahiş etdim. Əgər bunu etməsələr, mənim Fransada istehsal olunan bütün şampan və şərablara 100 faizlik rüsum tətbiq etməkdən başqa seçimim qalmayacaq. Makronun etməli olduğu yeganə şey satış vergisini ləğv etməkdir. Bu halda ona belə təzyiq göstərilməyəcək”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Fransanın rəqəmsal xidmətlər vergisi (GAFAM) 2019-cu ildən qüvvədədir. Bu vergi “Alphabet” (Google-un ana şirkəti), “Amazon”, “Meta” və “Apple” kimi şirkətlərin Fransada əldə etdikləri gəlirlərə tətbiq olunur. / New York Post/