Tramp Davosa gedəcək – tarix açıqlandı
Dünya
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində baş tutacaq Dünya İqtisadi Forumunda (DİF) iştirak etməyi planlaşdırır.
News24.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına əsasən, Trampın bu səfəri ABŞ və İsveçrə arasında ticarət razılaşması ilə bağlı aparılan danışıqların müsbət axarını nümayiş etdirir.
Mənbələr bildirir ki, Amerika lideri foruma yüksək səviyyəli nümayəndə heyəti ilə qatılacaq. Qeyd olunur ki, Tramp ötən il Davosda keçirilən forumda videobağlantı vasitəsilə çıxış edib, lakin bu dəfə tədbirə şəxsən gedəcək.
Forum rəhbərliyinin açıqlamasına görə, 2026-cı il toplantısına G20 ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən Donald Tramp dəvət olunub. Rəsmi iştirakçı siyahısının toplantıdan bir həftə əvvəl açıqlanacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu biznes, siyasət və digər sahələrdən nüfuzlu şəxsləri bir araya gətirən beynəlxalq platformadır. Təşkilatın üzvləri arasında minə yaxın böyük şirkət və qurum yer alır. 2026-cı il forumu 19-23 yanvar tarixlərində keçiriləcək və əsas mövzu “Dialoq ruhu” olacaq.