Tramp jurnalistlər üçün viza rejimi sərtləşdirir - Bunlar tələb ediləcək

Tramp jurnalistlər üçün viza rejimi sərtləşdirir - Bunlar tələb ediləcək Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası viza verilərkən jurnalistlərin sosial şəbəkə hesablarını yoxlamağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “The Daily Signal” portalı hökumətdaxili sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, xarici jurnalistlər də daxil olmaqla bəzi viza müraciətçiləri “Instagram”, “Facebook” və “X” platformalarındakı hesablarını hamı üçün açıq etməli olacaqlar.

Bunun üçün onlar hesablarının məxfilik statusunu "gizli"dən "ictimai"yə dəyişməlidirlər.

Bu planlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Lakin Ağ Evin mətbuat katibi Kerolayn Levitt “The Daily Signal”-ın paylaşımını “X” platformasında yayıb, amma məlumatı birbaşa təsdiqləməyib.

ABŞ Dövlət Departamenti də məsələ ilə bağlı ətraflı açıqlama verməyib.

Qurumun nümayəndəsi bildirib ki, məqsəd viza üçün müraciət edən şəxsin ABŞ-nin milli təhlükəsizliyi üçün risk yaratmadığına əmin olmaqdır.

Hazırda ABŞ-nin bəzi viza kateqoriyalarına, o cümlədən tələbə vizalarına müraciət edən şəxslər artıq sosial şəbəkə hesabları barədə məlumat təqdim etməlidirlər.

Bu tələbin gələcəkdə digər viza növlərinə də şamil ediləcəyi gözlənilir.