Tramp Rusiyanın qələbəsinə inanmır
Dünya
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı mövqeyini yenidən nəzərdən keçirib.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və G7 ölkələrinin liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə ümumi fikir formalaşıb.
Bu dəyişiklik Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” sammitində daha aydın hiss olunub.
Mənbənin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında qısa görüş təşkil edib.
Görüş zamanı Zelenski Rusiyanın zərbəsi nəticəsində zərər görmüş Kiyevdəki Uspenski kilsəsinin fotolarını Trampa göstərib. Bildirilib ki, bu görüntülər ABŞ prezidentinə təsir edib.
Tramp Qətər əmiri ilə görüşündə bildirib ki, Rusiya razılaşmaya getməlidir. Baş verənlər gülüncdür və o, əlindən gələni edəcək.
Onun çıxışında Zelenskidən təslim olmağı və ya güzəştə getməyi tələb edən fikirlər səslənməyib.
Tramp BƏƏ lideri ilə söhbətində Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə də açıq olduğunu bildirib. O, xüsusilə İranla münaqişənin başa çatmasından sonra bunun mümkün olduğunu vurğulayıb: “Biz bunu edə bilərik, çünki indi neft tədarük olunur”.
Qeyd edək ki, Trampın bu addımı 2025-ci ilin avqustunda Vladimir Putin ilə Alyaskada keçirdiyi görüşdən sonrakı mövqeyi ilə müqayisədə ciddi dəyişiklik hesab olunur.
Həmin vaxt o, Ukraynanın əlində güclü kartların olmadığını düşünür və Kiyevin ərazi güzəştlərinə getməli olduğunu bildirirdi.
İndi isə G7 nümayəndələrindən birinin anonim şəkildə verdiyi məlumata görə, ABŞ və Avropadakı müttəfiqləri Kiyevin mövqelərinin gücləndiyi qənaətindədirlər.