Tramp Türkiyədən qayıdarkən təyyarəsini niyə dəyişib? - Özü açıqladı
Dünya
ABŞ Prezidenti Donald Tramp Türkiyədən yola düşərkən istifadə edəcəyi təyyarənin gizli şəkildə dəyişdirilməsinin səbəbini açıqlayıb.
News24.az-ın xəbərinə görə, Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə bildirib ki, təyyarənin dəyişdirilməsi ilə bağlı qərar ABŞ Məxfi Xidmətinin göstərişi əsasında verilib.
Amerika liderinin sözlərinə görə, uçuş zamanı İrandan qaynaqlanan təhlükə ehtimalı olub.
“Bu, tamamilə Məxfi Xidmətdən asılıdır. Mən sadəcə, onların təlimatlarını yerinə yetirirəm. Onlar mənim fərqli təyyarə ilə uçmağımı istəyirdilər. Güman edirəm ki, bir növ təhlükə var idi. Mən əslində heç bir sual vermədim”, – deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, İran tərəfinin əvvəlcədən müəyyən edilmiş təyyarənin marşrutunu və ya özünü hədəf seçmək ehtimalı daha yüksək ola bilərdi. Bu səbəbdən təhlükəsizlik baxımından uçuş vasitəsinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.