"Tramp Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir"
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib.
News24.az xəbər verir ki, Zelenski bu barədə "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
"Müşahidə edirəm ki, Ukraynanı kapitulyasiya etməyə məcbur etmək üçün addımlar atılır. Amerikalı həmkarlarımızın müharibənin Ukraynanın hesabına daha tez bitirilə biləcəyini ehtimal etdiklərini düşünmək istəməzdim, lakin hər şey məhz belə qəbul olunur".
Prezidentin sözlərinə görə, o, "Patriot" zenit-raket kompleksləri üçün əlavə raketlər əldə etmək ümidi ilə Trampın çağırışlarına qulaq asaraq Rusiyanın neft emalı zavodlarına hücumları dayandırıb.
"Lakin onların yeganə məqsədi dizel yanacağının əlimizə keçməsinə imkan verməməkdir. Əgər razılaşmasaq, onlar bizi bu və ya digər yardımdan məhrum edəcəklər", – deyə Zelenski xəbərdarlıq edib. O, həmçinin vurğulayıb ki, Vaşinqton Ukraynaya ayrılmış yardım paketləri çərçivəsində onsuz da vəsait ayrılmış zenit raketlərinin tədarükünü ləngidir. "Amerika tərəfi ötürülmənin yalnız kiçik bir hissəsini təsdiqləyib, qalanını isə dondurub. Və bu, heç də texniki məsələ deyil".
Zelenski Vaşinqtonla münasibətlərdəki gərginliyi noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkiləri ilə əlaqələndirib. "Seçkiqabağı dövrdə siyasət daha aqressiv ton alır. Hadisələrin seçkilərdən sonra səngiyəcəyinə ümid edirəm. Tramp Vladimir Putinlə həqiqətən yaxın münasibətlərə malikdir. Buna baxmayaraq burada bir problem var. Tramp hazırkı mərhələdə Putini müharibəni dayandırmağa məcbur etmək iqtidarında deyil".