ABŞ-nin 28 bəndlik "Ukrayna planı" nəyi əhatə edir? – KİV mətni yaydı
Dünya
Xəbər verdiyimiz kimi, ABŞ Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün 28 bəndlik plan tərtib edib.
News24.az xəbər verir ki, bəzi KİV həmin planın bəndlərini paylaşıb.
“CNN”in məlumatına görə, bu planda bəzi şərtlər dəyişdirilə və Rusiyanın da müəyyən güzəştlərə getməsi tələb oluna bilər.
KİV və sosial şəbəkələrdə yayılan plan bu bəndləri əhatə edir:
1. Ukraynanın suverenliyi təsdiqlənəcək.
2. Rusiya, Ukrayna və Avropa arasında hücum etməmək haqqında tam və hərtərəfli saziş imzalanacaq. Son 30 ildə yaranan bütün qeyri-müəyyənliklər həll olunmuş hesab ediləcək.
3. Rusiya qonşu ölkələrə hücum etməyəcək, NATO isə bundan sonra genişlənməyəcək.
4. Bütün təhlükəsizlik məsələlərinin həlli və de-eskalasiyanın təmin olunması üçün ABŞ-nin vasitəçiliyi ilə Rusiya və NATO arasında dialoq keçiriləcək. Bu, qlobal təhlükəsizliyi və gələcək iqtisadi inkişaf imkanlarını gücləndirmək üçün nəzərdə tutulub.
5. Ukraynaya etibarlı təhlükəsizlik təminatları veriləcək.
6. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq.
7. Ukrayna Konstitusiyasına NATO-ya qoşulmayacağı barədə müddəa daxil etməyə razılaşacaq. NATO isə öz nizamnaməsində Ukraynanın gələcəkdə qəbul edilməyəcəyini təsbit edəcək.
8. NATO Ukraynada qoşun yerləşdirməməyə razılaşacaq.
9. Avropa qırıcıları Polşa ərazisində yerləşdiriləcək.
10. ABŞ-ın zəmanəti:
• ABŞ verilən təhlükəsizlik zəmanətinə görə kompensasiya alacaq;
• Əgər Ukrayna Rusiyaya hücum edərsə, zəmanəti itirəcək;
• Əgər Rusiya Ukraynaya hücum edərsə, sərt və koordinasiya olunmuş hərbi cavab olacaq; bütün sanksiyalar bərpa ediləcək, yeni ərazilərin tanınması və digər üstünlüklər ləğv ediləcək;
• Ukrayna Moskva və ya Sankt-Peterburqa səbəbsiz raket zərbəsi endirsə, təhlükəsizlik zəmanəti qüvvədən düşəcək.
11. Ukrayna Avropa İttifaqına üzvlük hüququna malik olacaq və üzvlük məsələsi araşdırıldığı dövrdə Avropa bazarına qısamüddətli imtiyazlı çıxış əldə edəcək.
12. Ukraynanın bərpası üçün güclü qlobal paket hazırlanacaq:
a) Ukraynada sürətlə inkişaf edən sahələrə — texnologiya, data mərkəzləri, süni intellekt — investisiya üçün İnkişaf Fondu yaradılacaq
b) ABŞ Ukrayna ilə birlikdə qaz infrastrukturunun (boru kəmərləri, anbarlar) bərpası və modernləşdirilməsi üzərində işləyəcək
c) Müharibədən zərər çəkmiş ərazilərin bərpası və şəhərlərin yenidən qurulması
d) İnfrastrukturun inkişafı
e) Faydalı qazıntıların və təbii ehtiyatların çıxarılması
f) Dünya Bankı bu prosesləri sürətləndirmək üçün xüsusi maliyyə paketi hazırlayacaq
13. Rusiya dünya iqtisadiyyatına reinteqrasiya olunacaq:
a) Sanksiyaların götürülməsi mərhələlərlə və ayrıca razılaşdırılacaq
b) ABŞ enerji, təbii ehtiyatlar, infrastruktur, süni intellekt, data mərkəzləri, Arktikadakı nadir torpaq metalları kimi sahələrdə Rusiyayla uzunmüddətli əməkdaşlıq sazişi imzalayacaq
c) Rusiya G8-ə geri dəvət olunacaq
14. Dondurulmuş aktivlərin istifadəsi:
• 100 milyard dollar həcmində Rusiya aktivləri ABŞ rəhbərliyində Ukraynanın bərpası layihələrinə yatırılacaq
• Bu layihələrdən əldə olunan gəlirin 50%-i ABŞ-a məxsus olacaq
• Avropa əlavə olaraq 100 milyard dollar investisiya edəcək
• Dondurulmuş Avropa aktivləri açılacaq
• Qalan Rusiya aktivləri ABŞ-Rusiya investisiya fonduna yönləndiriləcək
• Bu fond qarşılıqlı asılılığı artırmaq və gələcəkdə münaqişənin qarşısını almaq məqsədi daşıyacaq
15. Sazişin icrasına nəzarət üçün ABŞ–Rusiya birgə təhlükəsizlik işçi qrupu yaradılacaq.
16. Rusiya Qanunvericilik səviyyəsində Avropa və Ukraynaya hücum etməməyi öhdəsinə götürəcək.
17. ABŞ və Rusiya nüvə silahlarının yayılmaması və nəzarət sahəsində mövcud müqavilələri, o cümlədən START-1-i uzadacaq.
18. Ukrayna nüvə silahından imtina etdiyini Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə uyğun olaraq təsdiqləyəcək.
19. Zaporojye AES MAQATE-nin nəzarəti altında işə salınacaq, istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında 50/50 bölüşdürüləcək.
20. Humanitar və ictimai sahədə öhdəliklər:
a) Məktəblərdə və cəmiyyətdə tolerantlıq və qarşılıqlı anlaşmanı artıran proqramlar
b) Ukrayna dini tolerantlıq və dil azlıqlarının müdafiəsi üzrə Aİ qaydalarını qəbul edəcək
c) Hər iki ölkə diskriminasiya tədbirlərini ləğv edəcək, Rusiya və Ukrayna KİV və təhsil müəssisələrinin hüquqları qorunacaq
d) Bütün nasist ideologiyası və fəaliyyəti qadağan olunacaq
21. Ərazi məsələləri:
a) ABŞ də daxil olmaqla, hər kəs Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanıyacaq
b) Xerson və Zaporojye təmas xətti üzrə “dondurulmuş status” alacaq
c) Rusiya beş regiondan kənarda nəzarət etdiyi əlavə ərazilərdən imtina edəcək
d) Ukrayna Donetskin hazırda nəzarət etdiyi bir hissəsindən qoşunlarını çıxaracaq və həmin zona demilitarizasiya olunmuş neytral bölgə olacaq. Rusiya bu zonaya daxil olmayacaq
22. Tərəflər əldə olunan ərazi razılaşmalarını güc yolu ilə dəyişməyəcəyinə dair öhdəlik götürəcək.
23. Rusiya Ukraynanın Dnepr çayından kommersiya məqsədləri üçün istifadə etməsinə mane olmayacaq; Qara dəniz vasitəsilə taxıl daşınmasına dair razılaşma əldə ediləcək.
24. Humanitar komitə yaradılacaq:
a) Bütün əsir və cəsədlər “hamı hamıya” prinsipi ilə dəyişdiriləcək
b) Bütün mülki saxlanılan şəxslər və girovlar, o cümlədən uşaqlar geri qaytarılacaq
c) Ailələrin birləşdirilməsi proqramı həyata keçiriləcək
d) Müharibə qurbanlarının əziyyətinin azaldılması üçün tədbirlər görüləcək
25. Ukraynada 100 gün sonra seçkilər keçiriləcək.
26. Münaqişədə iştirak etmiş bütün tərəflər tam amnistiya alacaq və gələcəkdə heç bir iddia qaldırılmayacaq.
27. Bu saziş hüquqi cəhətdən məcburi olacaq və onun icrasına “Sülh Şurası” Donald Trampın rəhbərliyi ilə nəzarət edəcək. Pozuntular üçün sanksiyalar tətbiq olunacaq.
28. Bütün tərəflər memorandumla razılaşdıqdan sonra, qoşunlar razılaşdırılmış mövqelərə çəkilən kimi atəşkəs dərhal qüvvəyə minəcək.