Tramp ölsə, pulsuz pivə paylayacağını dedi - zavodu bağlandı

Tramp ölsə, pulsuz pivə paylayacağını dedi -  zavodu bağlandı Dünya

ABŞ-da prezident Donald Tramp əleyhinə çıxışları ilə tanınan sahibkarın pivə zavodunun lisenziyası ləğv edilib.

News24.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qərar avqustun 4-dən qüvvəyə minəcək.

Zavodun bağlanılmasına səbəb olaraq rəsmi icazə olmadan müəsisəyə başqa ştatdan pivə partiyasının gətirilməsi göstərilib.

Zavodun sahibi və liberal fəal Kirk Benqstad hesab edir ki, ona qarşı irəli sürülən vergi qanunvericiliyinin pozulması iddiaları biznesinin bağlanması üçün əsas deyil.

O, bu qərardan şikayət edəcəyini vurğulayıb.

Benqstad artıq tərəfdarlarını məhkəmə xərclərini ödəmək üçün yaradılmış xüsusi fonda ianə etməyə çağırıb.

Hesablamalarına görə, məhkəmə başlamazdan əvvəl hüquqi xərclər 100 min ABŞ dollarına çata bilər.

Məlumata görə, sahibkar pivə zavodunun sosial şəbəkə hesablarında dəfələrlə Donald Trampa qarşı paylaşımlar edib.

Həmin paylaşımlarda, o birbaşa ad çəkməsə də, Trampın öldürüləcəyi təqdirdə müştərilərə pulsuz pivə veriləcəyinə eyham vurub.

Xüsusilə aprel ayında Ağ evdə baş verən silahlı insidentdən sonra pivə zavodu "Pulsuz pivə gününə yaxınlaşırıq" paylaşımını edib və əlavə edib ki, müqavimət hərəkatının iştirakçıları daha dəqiq nişan almaq üzərində işləməlidirlər.