Turizmdə yeni trend: turistlər ən çox bu heyvanları görmək istəyirlər
Dünya
Son illər turistlərin səyahət seçimləri dəyişməyə başlayıb. Artıq bir çox insan klassik safari heyvanlarını deyil, nəhəng pandaları, kenquruları, koalaları və balinaları təbii yaşayış mühitində görmək üçün dünyanın müxtəlif ölkələrinə üz tutur.
News24.az xəbər verir ki, turizm şirkəti “Explore” tərəfindən 12 ölkədə 2 400 nəfər arasında keçirilən sorğu və son 12 ayın “Google” axtarışlarının təhlili göstərib ki, "wildlife holidays" (vəhşi təbiəti müşahidə etməyə imkan verən istirahət) ifadəsi üzrə axtarışlar son bir ildə 211 faiz artıb.
Sorğuda iştirak edənlərin 72 faizi isə vəhşi heyvanları təbii mühitdə görmək imkanının istirahət məkanı seçərkən vacib amillərdən biri olduğunu bildirib.
Araşdırmaya əsasən, vəhşi təbiət həvəskarlarının ən çox üstünlük verdiyi ölkə Avstraliya olub. Respondentlərin 38 faizi bu ölkəni ilk sıraya qoyub. Sonrakı yerlərdə Cənubi Afrika (11 faiz), Keniya (9 faiz), Kanada (7 faiz) və Çin (6 faiz) qərarlaşıb.
Nəhəng panda siyahıya başçılıq edir. Sorğuda iştirak edənlərin 41 faizi təbii mühitdə ən çox bu heyvanı görmək istədiyini bildirib. Pandalar əsasən Çinin Sıçuan, Şensi və Qansu əyalətlərindəki bambuk meşələrində yaşayır və gizli həyat tərzi keçirdikləri üçün onlarla qarşılaşmaq olduqca çətindir.
İkinci yerdə fil qərarlaşıb. Respondentlərin 32 faizi filləri vəhşi təbiətdə görməyi arzulayır. Onları müşahidə etmək üçün Botsvanadakı Çobe Milli Parkı və Şri-Lankadakı Udavalave Milli Parkı ən yaxşı məkanlardan hesab olunur.
Eyni göstərici ilə üçüncü pillədə kenquru yer alıb. Avstraliyanın simvollarından olan bu kisəli heyvanları xüsusilə Kenquru adasında və Murramaranq Milli Parkında müşahidə etmək mümkündür.
Sorğuda iştirak edənlərin 30 faizi isə koalaları təbii mühitdə görmək istədiyini bildirib. Koalalar günün 18-20 saatını evkalipt ağaclarında yatmaqla keçirsələr də, onları Kenquru adasında və Port Stivens bölgəsində müşahidə etmək mümkündür.
İlk beşlik siyahısını balinalar tamamlayır. Respondentlərin 29 faizi bu nəhəng dəniz məməlilərini təbii şəraitdə görmək arzusundadır. Balina müşahidəsi üçün Cənubi Afrikanın Hermanus şəhəri və Şri-Lankanın Mirissa kurortu dünyanın ən məşhur istiqamətləri sırasında göstərilir. Balinaların mövsümi miqrasiyası onları ilin müəyyən dövrlərində müşahidə etməyə imkan yaradır.