Türkiyədə də yeni Konstitusiya layihəsi müzakirə edilir
Dünya
Türkiyədə yeni Konstitusiyanın hazırlanması hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) iyunun 26-28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək üçgünlük müşavirəsinin əsas mövzularından biri olacaq.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” partiyadakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni Konstitusiya məsələsi qarşıdakı müşavirənin prioritet mövzuları sırasındadır. Toplantıda növbəti addımlar və əhali arasında maarifləndirmə işinin strategiyası müzakirə olunacaq.
Müşavirədə partiya rəhbərliyi, nazirlər, parlament deputatları və AK Partiyanın qurucu üzvləri iştirak edəcəklər.
Əsas diqqət partiyanın yeni siyasi dövr üçün hədəflərinə yönəldiləcək.
İyulda keçiriləcək NATO sammiti ərəfəsində xarici siyasət və təhlükəsizlik məsələləri də ayrıca müzakirə mövzusu olacaq.
Mənbə bildirib ki, avqust ayında AK Partiya seçicilərlə işi daha da fəallaşdırmağı planlaşdırır.
Bu çərçivədə ictimai rəy sorğularının keçirilməsi və yeni Konstitusiyanın qəbulunun vacibliyinə həsr olunmuş maarifləndirmə kampaniyasının təşkili nəzərdə tutulur.
Gözlənilir ki, yeni Konstitusiya layihəsi 2027-ci ilin əvvəlində Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılsın.
Xatırladaq ki, Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var və bu sənəd ölkənin gələcək inkişafının təminatı olacaq.
Onun fikrincə, 1982-ci ildə qəbul edilmiş mövcud Konstitusiya bir sıra dəyişikliklərə baxmayaraq, artıq müasir dövrün çağırışlarına tam cavab vermir.