Türkiyədə əməliyyat - Bələdiyyə başçısı həbs edildi

Türkiyədə əməliyyat -  Bələdiyyə başçısı həbs edildi Dünya

Türkiyənin Silivri Bələdiyyəsinə qarşı aparılan “korrupsiya istintaqı" çərçivəsində saxlanılan 18 nəfərdən 10-u həbs edilib.

News24.az xəbər verir ki, həbs olunanlar arasında Silivri bələdiyyə başçısı Bora Balcıoğlu da var.

Məlumata görə, saxlanılanlardan səkkiz nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Respublika Baş Prokurorluğunun apardığı istintaqda bələdiyyədə işçi qəbulu, müəssisələrin icarəyə verilməsi və ya ötürülməsi, tikinti və lisenziya prosedurları, həmçinin daşınmaz əmlak satışlarında qanun pozuntularına yol verildiyi iddia olunur.

İstintaq materiallarında bələdiyyəyə məxsus daşınmaz əmlaklardan birinin bazar qiymətindən aşağı satılması nəticəsində dövlətə ziyan vurulduğunu göstərən ekspert rəyinə də yer verilib.

Prokurorluq şübhəlilərə qarşı “cinayətkar təşkilat yaratmaq və idarə etmək”, “təşkilata üzv olmaq”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “tender prosesinə müdaxilə”, “müqavilələrin icrasına mane olmaq”, “şəhərsalma qaydalarını pozmaq” və “cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq” ittihamları irəli sürüb.

Həbs qərarından sonra Bora Balcıoğlu sosial şəbəkə hesabında paylaşım edərək ittihamları rədd edib. /Euronews/