Türkiyədə erkən seçkilər gündəmdə - "Son qərarı prezident verəcək"
Dünya
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) noyabr ayında erkən prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir.
News24.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu ssenari hökumətin iqtisadi və sosial dəstək tədbirlərinin həyata keçirilməsindən sonra ictimai dəstəyin artacağı halda aktuallaşa bilər.
Partiya daxilində oktyabr ayında elan olunması gözlənilən sosial və iqtisadi tədbirlər paketinin təsiri müzakirə olunur.
Onun nəticələrinin ictimai rəy sorğuları ilə qiymətləndirilməsi planlaşdırılır.
Qəzet yazıb ki, əgər sorğular hakim blokun dəstəyində artım göstərsə, noyabrda erkən seçki variantı daha ciddi şəkildə nəzərdən keçiriləcək.
Lakin partiya daxilində vahid mövqe yoxdur. AK Parti rəhbərliyinin bir hissəsi hesab edir ki, iqtisadi vəziyyətdə nəzərəçarpan yaxşılaşma olmadan seçkilərə getmək ciddi risklər yarada bilər. Digər tərəf isə maaşların və sosial ödənişlərin artmasının seçicilər arasında hakimiyyətin mövqeyini gücləndirə biləcəyini düşünür.
Mənbələrə görə, yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimai rəy sorğularının nəticələrinə əsasən veriləcək.
Bildirilib ki, qarşıdakı siyasi mövsüm Türkiyə üçün son illərin ən gərgin dövrlərindən biri ola bilər.
Bununla belə, Ərdoğan daha əvvəl növbəti prezident seçkilərinin planlaşdırıldığı kimi 2028-ci ilin may ayında keçirilməli olduğunu bildirib.
ASAL Araşdırma şirkətinin sorğusuna görə, Türkiyə vətəndaşlarının təxminən 60%-i erkən ümumi seçkilərin keçirilməsinin tərəfdarıdır.