Türkiyədə konsert faciəsi - Ölənlər var

Türkiyədə konsert faciəsi - Ölənlər var Dünya

İstanbulun Şişli rayonunda yerləşən İstanbul Konqres Mərkəzində təşkil edilən "Unreal x Jeton" konsertində dəhşətli hadisə baş verib. Tədbir zamanı səhhəti anidən pisləşən 3 nəfər xəstəxanaya çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

News24.az xəbər verir ki, səhhəti pisləşən Furkan Aksu (29) və Mahmud Sami Ramazanoğlu (24) xəstəxanada həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişiblər.

T.M. (33) adlı digər şəxsin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Polis və tibb heyətinin ilkin ehtimallarına görə, həmin şəxslər spirtli içki və ya narkotik vasitə qəbulu səbəbindən zəhərlənmiş ola bilərlər. Dəqiq ölüm səbəbi Məhkəmə Tibbi Ekspertizasının otopsi nəticəsindən sonra bəlli olacaq.

Təxminən 5 min nəfərin iştirak etdiyi və yalnız 18 yaşdan yuxarı şəxslərin buraxıldığı konsertdə spirtli içki satışı həyata keçirilib. Təşkilatçıların bütün rəsmi icazə sənədlərinin qaydasında olduğu müəyyən edilib. Hadisədən sonra polis araşdırmalara başlayıb və konsert zalı təxliyə olunub.(milliaz)