Türkiyədə məktəblərə silahlı hücum planlaşdıran 27 nəfər saxlanıldı

Türkiyədə məktəblərə silahlı hücum planlaşdıran 27 nəfər saxlanıldı Dünya

Türkiyədə Ankara Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsinin həyata keçirdiyi araşdırmalar çərçivəsində C31K adlı yeni nəsil cinayətkar təşkilatın fəaliyyəti ilə bağlı 22 vilayətdə əməliyyat keçirilib.

News24.az xəbər verir ki, əməliyyat zamanı 19-u azyaşlı olmaqla, ümumilikdə 32 şübhəli müəyyən edilib, onlardan 27-si saxlanılıb.

Araşdırma zamanı şübhəlilərin əsasən “Telegram”, “Discord”, “X” və “YouTube” kimi platformalarda cinayət xarakterli paylaşımlar etdikləri müəyyənləşdirilib.

Onların uşaqlara və körpələrə aid əxlaqsız görüntüləri, milli və mənəvi dəyərləri təhqir edən məzmunlu, Türkiyə bayrağının yandırılması, heyvanlara işgəncə verilməsi və öldürülməsi ilə bağlı görüntüləri yaydığı bildirilib.

Bundan başqa, şübhəlilərin yeni tədris ilinin başlanması zamanı üç ayrı vilayətdə yerləşən məktəblərə silahlı hücum hazırlığında olduqlarına dair paylaşımlar etdikləri müəyyənləşdirilib.

Baş Prokurorluğun göstərişi əsasında 32 şübhəli barəsində saxlanılma qərarı verilib.

Digər şübhəlilərin saxlanılması istiqamətində istintaq davam edir.