Türkiyədə prezidenti seçkilərinin tarixi açıqlandı - Ərdoğan namizəd olacaq

Türkiyədə prezidenti seçkilərinin tarixi açıqlandı - Ərdoğan namizəd olacaq Dünya

Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum ölkədə seçkilərin keçirilmə tarixi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Uçum Türkiyə Böyük Millət Məclisində ən azı 360 deputatın dəstəyi ilə seçkilərin yenilənməsi barədə qərar qəbul ediləcəyi təqdirdə, prezident seçkilərinin 2028-ci il aprelin 16-da keçirilə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu tarix Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı referendumun ildönümünə təsadüf etdiyi üçün simvolik əhəmiyyət daşıyır.

Mehmet Uçum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı da danışıb.

“Cənab Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə namizəd olacaq”, – deyə Uçum bildirib.

O qeyd edib ki, Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezidentin ikinci müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident yenidən namizəd ola bilər. Bunun üçün parlamentdə 600 deputatdan ən azı 360-nın səsi tələb olunur.

Uçum seçkilərin 2027-ci ilin son rübündə keçirilməsi ehtimalını aşağı qiymətləndirib. Onun sözlərinə görə, seçki təqvimi 2028-ci ilin mart və ya aprel aylarına qədər uzana bilər.

Bununla belə, 2028-ci il aprelin 16-sı seçkilərin keçirilməsi üçün hələ təsdiqlənmiş tarix deyil. Bu tarixdə seçkilərin keçirilməsi üçün Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi barədə qərar qəbul etməsi tələb olunur.