Türkiyədə saxta vətəndaşlıq qalmaqalı - 2 milyardlıq cinayət

Türkiyədə saxta vətəndaşlıq qalmaqalı - 2 milyardlıq cinayət Dünya

Türkiyədə saxta ekspertiza rəyləri ilə ucuz daşınmaz əmlakları bahalı adı ilə xarici vətəndaşlara satıb onlara Türkiyə vətəndaşlığı qazandıran cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

News24.az xəbər verir ki, əməliyyat "cinayətkar təşkilat yaratma, idarə etmə və ya üzv olma", "miqrant qaçaqmalçılığı", "dövlət qurumlarına qarşı dələduzluq" və "sənədlərin saxtalaşdırılması" maddələri ilə İstanbul mərkəz olmaqla 16 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatlar zamanı 72 şübhəli saxlanılıb, 1 045 daşınmaz əmlaka, bir hotelə və 7 şirkətə, 15 avtomobilə, bir yaxtaya, 10 bank hesabına həbs qoyulub.

İstintaq zamanı Torpaq Reyestri və Kadastr Regional İdarəsindən alınan sənədlər, ekspert rəyləri, MASAK-ın maliyyə təhlilləri və digər materiallar araşdırılıb.

Məlum olub ki, Türkiyə vətəndaşlığının alınması üçün tələb olunan xarici valyuta ölkəyə faktiki olaraq gətirilməyib.

Alqı-satqı əməliyyatları vasitəçi şirkətlərin və ya satıcıların öz maliyyə vəsaitləri hesabına qanunsuz şəkildə həyata keçirilib, həqiqətə uyğun olmayan yüksək məbləğli ekspertiza rəyləri hazırlanaraq 5901 saylı Türkiyə Vətəndaşlığı Qanununun tələbləri pozulub.

İstintaq həmçinin müəyyən edib ki, bu üsulla xarici vətəndaşlardan qanunsuz gəlir əldə olunub.

Qanunsuz əməliyyatlar nəticəsində 687 xarici vətəndaşın Türkiyə vətəndaşlığı aldığı, ümumi dəyəri 2 milyard 500 milyon lirə olan əməliyyatların qanunsuz şəkildə həyata keçirildiyi müəyyən edilib.

Qanunsuz yolla əldə edilmiş vətəndaşlıqların ləğvi ilə bağlı inzibati prosedura başlanılıb.