Türkiyədəki güclü zəlzələdən sonra qorxunc açıqlama: "Son dərəcə təhlükəlidir"
Dünya
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
News24.az xəbər verir ki, geologiya mühəndisi, professor Dr. Okan Tüysüz sosial media hesabında zəlzələ ilə bağlı diqqətçəkən açıqlama yayıb.
O bildirib ki, avqustun 10-dan bu yana Sındırqı bölgəsində 12 mindən çox yeraltı təkan baş verib, ən güclü artçı zəlzələ isə 4,2 bal gücündə olub. “Yeraltı təkanlar davam edəcək. Zərər görmüş binalara daxil olmaq son dərəcə təhlükəlidir", – deyə professor xəbərdarlıq edib. Professor həmçinin qeyd edib ki, Sındırqıda baş verən 6,1 bal gücündə zəlzələnin enerjisi təxminən Naqasaki şəhərinə atılan atom bombasına bərabərdir.
Onun sözlərinə görə, bu bölgədəki seysmik aktivliyin yüksək səviyyədə olduğunu göstərir və ehtiyat tədbirlərinin artırılması zəruridir.