Üç ölkədə daşqın 82 nəfərin həyatına son qoydu
Dünya
Hindistanın şimal-şərqində, Pakistan və Əfqanıstanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bu həftə ən azı 82 nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, daşqınlar kənd təsərrüfatı sahələri, infrastruktur və ictimai obyektlərə ciddi ziyan vurub.
Agentliyin məlumatına görə, son sutka ərzində Hindistanın şimal-şərqindəki Assam ştatında ən azı 10 nəfər həlak olub. Hakimiyyət orqanları baş verənləri "mislisiz fəlakət" adlandırıb. Beləliklə, Hindistanda bir həftə ərzində daşqınlar səbəbindən həlak olanların ümumi sayı 36-ya çatıb, 650 mindən çox insan isə əlverişsiz hava şəraitinin fəsadlarından zərər çəkib.
Əfqanıstanın şimal-şərqindəki Nuristan və Pakistanın Xayber-Paxtunxva vilayətlərində son 72 saat ərzində daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 100 nəfər yaralanıb. Yerli sakinlərin sözlərinə görə, infrastruktur ciddi zərər görüb, evlər və hotellər su altında qalıb, dağılmış binaların dağıntıları altında hələ də insanlar var. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Ekspertlərin sözlərinə görə, Əfqanıstan və Pakistan iqlim dəyişikliyinə qarşı ən həssas ölkələr sırasındadır, çünki artan daşqınlar, quraqlıqlar, buzlaqların əriməsi və su qıtlığı milyonlarla insanı risk altında qoyur. (Report)