Ukrayna Belqorodu vurdu: Ölənlər və xeyli sayda yaralı var

Ukrayna Belqorodu vurdu: Ölənlər və xeyli sayda yaralı var Dünya

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər həlak olub, 14 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Şuvayev MAX platformasında məlumat verib.

Onun sözlərinə görə, ölənlər arasında 12 yaşlı qız da var. Uşaq pilotsuz uçuş aparatının avtomobillə toqquşması nəticəsində aldığı xəsarətlərdən həyatını itirib. Ölüm halları Belqorod, Qrayvoron və Şebekino rayonlarında qeydə alınıb.

Qubernator bildirib ki, yaralanan 14 nəfərdən beşi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin ərazisinə ümumilikdə 152 zərbə endirib. Hücumlar Belqorod şəhəri, Qrayvoron, Valuyki və Şebekino ilə yanaşı, bir sıra digər yaşayış məntəqələrini də əhatə edib.

Bundan əlavə, bölgəyə üç artilleriya zərbəsi endirilib, doqquz dəfə isə dronlar vasitəsilə partlayıcı maddələr atılıb. Qubernatorun açıqlamasına əsasən, gün ərzində vilayət üzərində 298 Ukrayna pilotsuz uçuş aparatı vurulub.