Ukrayna danışıqlarında Avropanı kim təmsil edəcək? – Mertsdən təklif
Dünya
Almaniya Kansleri Fridrix Merts Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə aparıla biləcək danışıqlarda Avropa İttifaqını kimin təmsil etməli olduğu məsələsinə dair açıqlamalarında ziddiyyətli fikirlər səsləndirib.
News24.az xəbər verir ki, bu barədə o, Aİ sammitinin yekunlarına dair brifinqdə bildirib.
“Rusiyaya mesajımız aydındır: artıq ciddi danışıqlara başlamağın vaxtıdır”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, mümkün danışıqlar formatı ilə bağlı müəyyən razılıq əldə olunub:
“Yekunda sülh danışıqlarını Ukrayna, Rusiya, Avropa və ABŞ aparmalıdır. Avropanı kimin təmsil edəcəyinin hazırda əhəmiyyəti yoxdur. Əvvəlcə məzmunla bağlı razılıq əldə etməliyik, sonra format məsələsini aydınlaşdıracağıq. Hər şey öz növbəsində həll olunmalıdır”.
Bununla yanaşı, Merts Kiyevin təşəbbüsü ilə “Avropa üçlüyü”nün – Almaniya, Böyük Britaniya və Fransanın mühüm rol oynamalı olduğunu vurğulayıb.
“Bunlar Avropanın böyük dövlətləridir və Ukraynaya əhəmiyyətli həcmdə hərbi yardım göstərən ölkələrdir”, – deyə Kansler bildirib və Almaniyanın Kiyevə yardım göstərən ölkələr arasında böyük fərqlə lider olduğunu qeyd edib.
O əlavə edib ki, İtaliya, Polşa və digər Aİ üzvləri də bu prosesə cəlb olunacaq.
Lakin Merts eyni zamanda bildirib ki, Avropa liderləri hazırda Aİ adından kimin danışacağını müəyyən etməməlidirlər.
“Bu barədə qərar danışıqlar mərhələsinə çatanda veriləcək”, – deyə o vurğulayıb.
Kansler qeyd edib ki, Antonio Koşta da bu prosesdə mühüm rol oynamalıdır.
“Razılığa gəlmək o deməkdir ki, biz Rusiya ilə danışıqlara başlamaq barədə ortaq mövqeyə gəlməliyik. Bundan sonra danışıqları kimin aparacağı müəyyən edilə bilər. Bu məsələdə ilk növbədə qərarı Ukrayna verməlidir”, – deyə Merts jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı Ukrayna tərəfini kimin təmsil edəcəyinə də son nəticədə Kiyev qərar verməlidir.
“Avropa İttifaqı burada neytral üçüncü tərəf və ya vasitəçi deyil. Aİ Ukraynanın tərəfindədir”, – deyə Almaniya kansleri əlavə edib.