Ukrayna onları əsir götürdü
Dünya
Ukrayna hərbçiləri Zaporojye istiqamətində keçirilən əməliyyat zamanı 64 Rusiya hərbçisinin əsir götürüldüyünü açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın 225-ci Əlahiddə Hücum Alayı özünün teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçilərinin məqsədi Ukrayna mövqelərinin arxasına gizli şəkildə keçmək, pilotsuz uçuş aparatlarının (PUA) ekipajlarını müəyyənləşdirmək, kəşfiyyat məlumatları toplamaq və təbliğat məqsədilə yaşayış məntəqələrində Rusiya bayraqları quraşdırmaq olub.
Ukrayna tərəfinin iddiasına görə, əməliyyat zamanı Ternuvatoye, Kosovtsevo, Rojdestvenka, Verxnyaya Tersa və Vozdvijenka yaşayış məntəqələri yaxınlığında düşmənin sızma qruplarına qarşı təmizləmə əməliyyatı keçirilib və nəticədə 64 Rusiya hərbçisi əsir götürülərək Ukraynanın əsir mübadilə fonduna daxil edilib.
Yayılan məlumatda əsir düşən Rusiya hərbçilərindən birinin döyüş zamanı FPV dronlarının hücumuna məruz qaldıqlarını və sonradan Ukrayna hərbçiləri tərəfindən dağıntılar altından çıxarıldıqlarını dediyi də qeyd olunub.
Bundan başqa, Ukrayna hərbçiləri Rusiyanın Zaporojye vilayətində yerləşən Kopani yaşayış məntəqəsini nəzarətə götürdüyü barədə iddiaları təkzib edib. Onların sözlərinə görə, həmin ərazidə Rusiya simvollarını quraşdıran hərbçilərdən biri də əsir götürülüb.
Qeyd edək ki, məlumat Ukrayna tərəfinin açıqlamasına əsaslanır və Rusiya tərəfindən məsələ ilə bağlı mövqe bildirilməyib.