Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirdi
Dünya
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Omsk şəhərində yerləşən “Omsk kauçuk” kimya zavoduna zərbə endirib. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın başlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya və Ukraynanın “Telegram” kanalları məlumat yayıb.
“Exilenova+” kanalının məlumatına görə, pilotsuz uçuş aparatları ilə hücum zamanı müəssisənin D-3 və D-5 qurğularının yerləşdiyi əraziyə zərbə endirilib. D-3 qurğusunda metil-tret-butil efiri istehsal olunur.
Məlumatda qeyd olunur ki, Ukrayna ilə zavod arasındakı məsafə 2 500 kilometrdən çoxdur.
“Omsk kauçuk” müəssisəsi sintetik kauçuk, fenol, aseton və digər kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşıb. Zavodun gündəlik istehsal gücünün təxminən 2 000 ton olduğu bildirilir.
Məlumata görə, müəssisədə istehsal olunan sintetik polimerlər rezin-texniki məmulatların hazırlanmasında, xüsusi polimer bağlayıcı materiallar isə “İskəndər-M”, “Topol-M” və “Yars” raket komplekslərinin bərk raket yanacağının istehsalında istifadə olunur.
Hadisə ilə bağlı Rusiya rəsmilərinin rəsmi açıqlaması təqdim olunan məlumatda yer almayıb.
Məlumata görə, Omsk şəhərində yerləşən “Ozon” logistika anbarına da zərbə endirilib.