Ukraynada sənətçilər müharibəyə göndərilə bilər

Ukraynada sənətçilər müharibəyə göndərilə bilər Dünya

Ukraynada mədəniyyət, incəsənət və şou-biznes sahəsində çalışan şəxslər üçün səfərbərlikdən möhlət hüququnun ləğv edilməsi təklif olunub.

News24.az xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabinetinin saytında petisiya yerləşdirilib.

Petisiya müəllifləri hesab edirlər ki, konsertlər, qastrol səfərləri, çəkilişlər və əyləncə tədbirləri ölkənin müdafiə qabiliyyəti və ya əhalinin həyati təminatı baxımından kritik əhəmiyyət daşımır.

Onlar Ukrayna Konstitusiyasına istinad edərək bildirirlər ki, 24-cü maddəyə əsasən bütün vətəndaşlar qanun qarşısında bərabərdir və peşəsinə görə heç kimə imtiyaz verilə bilməz.

Konstitusiyanın 65-ci maddəsində isə Vətənin müdafiəsinin hər bir vətəndaşın borcu olduğu qeyd olunur.

Petisiyada deyilir: "Mədəniyyət milli kimliyin qorunması üçün vacibdir. Lakin bu, sənətçi və prodüserlərə tikinti, elektroenergetika, kənd təsərrüfatı və ya mühəndislik kimi digər mühüm sahələrdə çalışanlardan daha çox səfərbərlik immuniteti verməməlidir".