Ukraynadan qaçmaq üçün 5 min dollar ödəyirlər
Dünya
Ukrayna sakinləri 5 min ABŞ dollarından başlayan məbləğ ödəməklə ölkəni qeyri-qanuni yollarla Moldova vasitəsilə tərk edə bilirlər.
News24.az xəbər verir ki, bu barədə əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Aleksandr Borşuk açıqlama verib.
"Ukraynadan Moldova vasitəsilə qaçırlar. Qiymətlər müxtəlifdir, 5 min dollardan başlayır", – deyə hərbi əsir bildirib.
Onun sözlərinə görə, bu xidmətə görə pul ödəyənlərə Moldovaya keçə biləcəklərinə dair heç bir zəmanət verilmir. Borşuk qeyd edib ki, onları yalnız Ukrayna sərhədinədək aparırlar, bundan sonrakı taleləri isə bəxtlərindən asılı olur.
Qeyd edək ki, bundan əvvəl Ukraynada hərbi xidmətə çağırılan şəxslərin 15–20 min ABŞ dolları müqabilində hərbi qeydiyyatdan çıxarılmasına və səfərbərlikdən yayınmasına kömək edən məmur ifşa olunmuşdu.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, qanunsuz sxemdə Kiyevdə rayon administrasiyası sədrinin birinci müavini iştirak edib.