Ukraynaya kütləvi zərbələr: Çox sayda ölən və yaralı var
Dünya
Rusiyanın gecə saatlarında Ukraynaya endirdiyi zərbələr nəticəsində azı 10 nəfər həlak olub, 87 nəfər yaralanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki,hücumların əsas hədəfləri Kiyev və Dnepropetrovsk vilayəti olub.
Kiyevdə zərbələr nəticəsində 4 nəfər ölüb, 51 nəfər yaralanıb. Paytaxtın bir neçə rayonunda yanğınlar baş verib, yaşayış binaları və infrastruktur obyektlərinə ziyan dəyib.
Dnepropetrovsk vilayətində isə 6 nəfər həlak olub, 36 nəfər yaralanıb. Dnipro şəhərində yaşayış evləri, bir müəssisə və yanğın-xilasetmə hissəsi hücuma məruz qalıb.
Həlak olanlar arasında təkrar atəşə məruz qalan Fövqəladə Hallar Xidmətinin əməkdaşı da var.
Xilasedicilər dördmərtəbəli binanın dağıntıları altında qalan insanların ola biləcəyi ehtimalı ilə axtarış-xilasetmə işlərini davam etdirirlər.
Qeyd edək ki, Moskva bir qədər əvvəl Starobelskdəki yataqxanaya 21 nəfərin ölümünə səbəb olan hücuma cavab veriləcəyini açıqlamışdı.