Vaksin yoxdur, müalicə yoxdur: Efiopiyada ölümcül virus yayıldı

Vaksin yoxdur, müalicə yoxdur: Efiopiyada ölümcül virus yayıldı Dünya

Efiopiya ölkə ərazisində ölümcül Marburq virusuna ilk yoluxma faktını təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, təhlükəli virusa ilk yoluxma laboratoriya testlərinin nəticələrindən sonra müəyyən edilib.

Ölkənin cənub bölgəsində 9 yoluxma hadisəsi qeydə alınıb. Onların arasında tibb işçiləri də var.

Marburq virusu qan, tüpürcək, sidik kimi bioloji mayelərlə təmas, eləcə də çirklənmiş səthlər vasitəsilə ötürülür. Virusun əsas təbii daşıyıcısı isə vəhşi heyvanlar, xüsusilə də yarasalar hesab olunur.

Xəstəlik qəfil yüksək qızdırma, baş ağrısı və titrəməklə başlayır, daha sonra qusma, ishal, şiddətli ağrılar, bəzi hallarda isə səpkilər və daxili qanaxmalar müşahidə olunur. Ölüm halları adətən xəstəliyin 8–9-cu günündə baş verir. Hazırda Marburq virusuna qarşı nə peyvənd, nə də spesifik müalicə mövcuddur.

Virus adını 1967-ci ildə Almaniyanın Marburq şəhərində Afrika meymunları üzərində aparılan tədqiqatlar zamanı baş verən böyük yoluxma hadisəsindən alıb. O, Ebola ilə eyni ailədən olan, yüksək ölüm göstəricisinə malik təhlükəli patogendir.

Qeyd edək ki, ÜST regionda vəziyyəti yaxından izlədiyini bildirib.