Vanqanın 20 ildən sonra reallaşan öncəgörməsi - Faciə haqda nələr demişdi?

Vanqanın 20 ildən sonra reallaşan öncəgörməsi - Faciə haqda nələr demişdi? Dünya

Bolqar görücüsü Vanqa11 avqust 1996-cı ildə vəfat edib. O, dəqiqliyi ilə diqqət çəkən və sonradan gerçəkləşdiyi iddia olunan öncəgörmələri sayəsində bütün dünyada məşhurlaşıb.

Vanqanın qeyri-adi qabiliyyətləri İkinci Dünya müharibəsi illərində özünü göstərməyə başlayıb. O, kənd sakinlərinin cəbhədən qayıdıb-qayıtmayacağı ilə bağlı suallara cavab verirdi.

Onun bu qeyri-adi xüsusiyyəti haqda qısa müddətdə ölkədə xəbər yayılıb və bir neçə ildən sonra dünyanın müxtəlif yerlərindən insanlar onun yanına gəlməyə başlayıblar.

Bununla belə, Vanqanın görücülük qabiliyyəti bu gün də skeptiklər tərəfindən mübahisələndirilir.

Bəziləri hesab edir ki, kənd sakinləri, mehmanxana işçiləri və taksi sürücüləri əvvəlcədən ziyarətçilər haqqında məlumat toplayır, Vanqa isə sonradan həmin məlumatlardan istifadə edərək gələcəklə bağlı proqnozlar verirdi.

Bütün bunlara baxmayaraq, Vanqanın reallaşan öncəgörmələrindən bir neçəsini təqdim edirik:

Stalinin ölümü

"Əlində qəlyan olan böyük adam bu dünyadan köçəcək. Dünya daha yaxşı olacaq"

Vanqanın 1952-ci ildə Stalinin öləcəyi haqda proqnozu ona azadlığı bahasına başa gəlib. O, SSRİ rəhbərinin yaxın zamanda vəfat edəcəyini söylədiyinə görə həbs olunur. Lakin bir neçə ay sonra, 1953-cü ilin martında Stalinin ölümündən sonra o, azadlığa buraxılır.

İndira Qandinin qətli

"Onu paltarı məhv edəcək! Tüstü və alov içində narıncı-sarı rəngli paltar görürəm!"

Şahidlərin sözlərinə görə, Vanqa 1969-cu ildə Hindistanın baş naziri İndira Qandi ilə bağlı bu proqnozu verib.

31 oktyabr 1984-cü ildə İndira Qandi britaniyalı aktyor və dramaturq Piter Ustinovla televiziya müsahibəsinə hazırlaşarkən narıncı-sarı rəngdə sari geyinib və gülləkeçirməz jiletini çıxarıb. Az sonra mühafizəçilərindən biri ona atəş açıb. Onlarla güllə yarası alan Qandi hadisə yerində həlak olub.

Filip Kirkorovun şöhrəti

"O, dağa qalxır və əlində bir çubuq tutur".

Deyilənlərə görə, müğənni Filip Kirkorov dörd yaşında olanda bərk xəstələnib və valideynləri onu Vanqanın yanına aparıblar.

Vanqa bildirib ki, uşaq sağalacaq və gələcəkdə böyük şöhrət qazanacaq. O, Kirkorovu yüksək bir dağın zirvəsində, əlində çubuqla gördüyünü deyib. Sonradan bu "çubuğun" mikrofon olduğu yozulub.

Vanqa həmçinin iddia edib ki, Kirkorov 27 yaşında adı "A" hərfi ilə başlayan bir qadınla ailə quracaq. 1994-cü ildə onun həyat yoldaşı Alla Puqaçova olub.

Yenidənqurma və SSRİ-nin dağılması

"Altı ildən sonra dünya dəyişəcək. Köhnə rəhbərlər gedəcək, yeni insan gələcək".

Vanqa bu sözləri 1979-cu ildə deyib. Həmin dövrdə SSRİ-də siyasi dəyişikliklər barədə düşünmək belə çətin idi. Lakin 1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov sonradan yenidənqurma dövrünün əsas simasına çevrilib.

1988-ci ildə Vanqa Qorbaçovun daha da yüksələcəyini söyləyib. İki il sonra, 1990-cı ildə o, SSRİ-nin ilk və son prezidenti seçilib.

"Kursk" sualtı qayığının faciəsi

"Kursk su altında qalacaq və bütün dünya buna yas tutacaq".

Bu proqnozun 1980-ci ildə verildiyi iddia olunur. O zaman çoxları Vanqanın Rusiyanın Kursk şəhərindən danışdığını düşünüb. Lakin 12 avqust 2000-ci ildə Barens dənizində "Kursk" atom sualtı qayığında baş verən qəza nəticəsində ekipajın bütün 118 üzvü həlak olub.

ABŞ-də 11 sentyabr terror aktları

"Amerikalı qardaşlar dəmir quşların hücumuna məruz qalaraq yıxılacaqlar. Koldan canavarlar ulayacaq və günahsız qan sel kimi axacaq".

Bu sözlərin Vanqa tərəfindən 1989-cu ildə deyildiyi iddia olunur. On iki il sonra, 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən qaçırılmış sərnişin təyyarələri Nyu-Yorkdakı Əkiz Qüllələrə çırpılıb.

Vanqanın tərəfdarları bildirirlər ki, həmin dövrdə ABŞ prezidenti olan Corc Buşun soyadı ingilis dilində "kol" mənasını verən “bush” sözü ilə eyni yazılır və bu ifadə də proqnozla əlaqələndirilir. /Tv Tsentr/