Vyana yaxınlığında kruiz gəmisi qəzaya düşdü: xəsarət alanlar var

Vyana yaxınlığında kruiz gəmisi qəzaya düşdü: xəsarət alanlar var Dünya

Avstriyanın paytaxtı Vyana yaxınlığında Dunay çayında hərəkət edən "MS Anna Katharina" kruiz layneri şlüzə çırpılıb.

News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hələlik məlum olmayan səbəbdən gəmi "Freudenau" şlüzünə dəyib. Qəzadan sonra əraziyə genişmiqyaslı xilasetmə əməliyyatı cəlb olunub. Təxminən 60 xilasedici hadisə yerinə göndərilib. İlkin mərhələdə bəzi sərnişinlərin suya düşdüyü ehtimal edilsə də, akvatoriyanın yoxlanılması zamanı bu məlumat təsdiqini tapmayıb.

Qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Ağır xəsarət alanların olmadığı bildirilir.

Qəza zamanı gəmidə təxminən 200 sərnişin olub. Onlar Passau şəhərindən başlayan, Linz, Bratislava və Budapeşti əhatə edən yeddigünlük Dunay kruizində iştirak edirdilər.

Hadisə nəticəsində laynerin burun hissəsinə ciddi ziyan dəysə də, gövdədə deşik yaranmayıb və su sızması qeydə alınmayıb. Hazırda mütəxəssislər gəmidə texniki baxış keçirirlər. (Bild)